← К описанию

Vahid Çəmənli - Mən sadə yolçuyam



© Vahid Çəmənli, 2019


ISBN 978-5-0050-0071-2

Создано в интеллектуальной издательской системе Ridero

Vahid Çəmənli. 08 İyun 2019 – cu il

ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR

>Vahid Çəmənli

«Mən sadə yolçuyam» kitabı ilə qarşınızdayam, əziz oxucularım. Hər bir söz, hər bir misra ürəkdən gələndə ürəklərə yol tapır. Ürəyimin hökmü olmadan bir kəlmə yazmadım. Qəlbinizi zərif misralarımla xeyirə – uğura, insafa kökləmək istədim. Çoxlarınız qəlbimə bələdsiniz. Mən də Sizin qəlbinizin nuruna güvənirəm. Söz, sahibinin qəlbi ilə gözəl olur. Mən də qəlbimi gözəlləşdirməyə, onu kindən, küdurətdən, həsəddən, paxıllıqdan, qeybətdən, fitnə – fəsadlardan təmizləyə – təmizləyə uca Allaha, onun sevə – sevə xəlq elədiyi İnsanlara layiq olmaq istədim.

Su axar, çuxurunu tapar, – deyib atalarımız. Mən də axa – axa öz çuxuruma, ata – baba yurduma yaxınlaşmaq istədim. Hər sözümdə sizin kövrək qəlbinizi tərənnüm etməyə çalışdım.

Cənabi – Haqq bizə Vətən üçün gözəl bir məkan seçib. Azərbaycan torpağı… Tarixlərin qanlı – qadalı döyüşlərindən alnı açıq, üzü ağ çıxan qeyrətli oğulların yurdu… Bu yurda kimlər göz tikməyib? Onun gözəllikləri nə qədər şahların, xaqanların yuxusuna haram qatıb. Amma heç kim bu yurda sahib çıxa bilməyib. İgid oğulların, ərənlərin onları tarixin zibilliklərinə atıb!

Sənə minnətdaram, ey Ulu Xalıq, bu gözəl yurdu mənə Vətən seçdiyinə görə…

Əziz oxucularım, bu kitabı oxumağa sərf etdiyiniz, qəlbimdən süzülən hər bir kəlməyə qulaq verdiyiniz üçün Sizə minnətdaram.

Hələ uşaqlığımdan sazının, sözünün vurğunu olduğum atam aşıq Valehə, qayğısı, sevgisi ilə məni bəsləyib böyüdən anam Pərizada, mənim təhsil almağım üçün 6 – sinifdən məktəbi buraxıb işləməyə gedən qardaşım Zülfüqara, bir əlçim tifilliyindən çörəyimizi – yeməyimizi bişirən, paltarımızı yuyan bacım Qəndaba, atam – anam haqq dünyasına qovuşandan sonra bizə atalıq edən İdris dayıya, analıq edən Hürizad, Səriyyə xalalarıma minnətdaram.

Çəmənli adlı bir kəndə olan sevgisini, suyunu, havasını, Günəşini, torpağını mənimlə bölüşən, ağsaqqalından cocuğuna qədər canım qədər sevdiyim həmkəndlilərimə minnətdaram.

Gəncliyini, həyatının ən gözəl zamanlarını sərf edərək mənə həyat dərsi verə-verə elm öyrədən sevimli müəllimlərim – Qara müəllim, Bayram müəllim, Kamil müəllim, Şəmsəddin müəllim, Fərzəliyev Allahverən müəllim, Paşayev Allahverən müəllim, Məmməd müəllim, Xosrov müəllim, Səlbi müəllimə, Sabir müəllim, Musa müəllim, Quliyev Musa müəllim, Zülfüqar müəllim, rus dilinə dərin maraq oyadan İsmayıl müəllim – Sizə minnətdaram.


Mənə göstərdikləri səmimi münasibətə görə, hal – hazırda Taleh Nuruyevin rəhbərliyi ilə Ziyəddin İsgəndərov adına Çəmənli kənd orta məktəbində çalışan müəllim kollektivinə öz minnətdarlığımı bildirirəm.

İçimdə şerə, sənətə maraq oyadan sevimli müəllimim, Çəmənlimin gözəl şairi Şahmar Əkbərzadəyə minnətdaram.

Mənə mənəvi dəstək olan sevimli sinif yoldaşlarım Nizami Bayramova, Rəfiqə Rüstəmovaya, Allahverən Əliyevə, Çingiz Baxşəliyevə, Akif Abışova, Rafiq Piriyevə, Şahin Günəşliyə, Kamal Alışova, Esmira xanıma… minnətdaram.

Ərəstin müəllim, – sevimli müəllimlərimdən biri olan Sabir müəllimin şərəfli işini ləyaqətlə davam etdirən oğlu, – sizə minnətdaram. Mənə rəhm edib, tənqid etmirsiniz.


Ömrümün son 20 ilinin sadiq dostu, mənim «Nə ömürdü yaşadım» şerlər kitabımın ərəsəyə gəlməsində maddi, mənəvi dəstək olan Mahir Hacıyev – Sənə minnətdaram. O kitab olmasaydı, bu kitab da olmazdı.

Mənə böyük dəstək olan qürbətdə yaşayan dostlarım Adil Danilova, Camal Abdullayevə dərin minnətdarlığımı bildirirəm.

İncə zövqlü dostum Mayıl Adilov, mənim cızmaqaralarıma dəyər verdiyiniz üçün Sizə minnətdaram.

Hörmətli Doktor Müşfiq Mirzəyev, bir yazar kimi mənə dəyər verdiyiniz üçün Sizə minnətdaram.

Yazar insanın ailə üzvü olmaq çox çətindir. Əziz həyat yoldaşım Təranə xanım, oğlanlarım Valeh, Aydın, gəlinim Mətanət xanım, – Sizə həsr eləməli olduğum vaxtımı yazmağa həsr etdim. Sizə olan sevgimi şer dediyim cızmaqaralarımla bölüşdüm. Məni əfv edin.